...

VII "Florida Keys" beynəlxalq musiqi müsabiqəsinə start verilib

02.02.2022

Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VII "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub.

Beynəlxalq müsabiqə ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və təşkilatın nəzdindəki təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovanın birgə təşkilatçılığı ilə keçirilir.

Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, Florida ştatında yaşayan Pərvin Muradova bəstəkar Cövdət Hacıyevin qızı və layihənin rəhbəridir. Müsabiqə dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsi məqsədilə həyata keçirilir.

Müsabiqənin qala konsertinin və qaliblərin mükafatlandırılması mərasiminin 5 aprel 2022-ci il tarixində Nyu Yorkun məşhur “Carnegie Hall” mədəniyyət mərkəzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqə barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

https://www.floridakeyscompetition.com/