...

Bilecikdə 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi təşkil edilib

24.01.2022

Bilecikdə 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi təşkil edilib

Türkiyənin Bilecik şəhərindəki Şeyx Edebali Kültür və Konqres Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bilecik-Azərbaycan Qardaşlıq Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Bilecik bələdiyyəsinin, Şeyx Edebali Universitetinin, ictimai təşkilatların rəhbərləri, nümayəndələri və tələbələr iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bilecik-Azərbaycan Qardaşlıq Dərnəyinin idarə heyətinin üzvü Berkay Susantez, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Şeyx Edebali Universitetinin müəllimi, tarixçi alim Taner Bilgin 32 il öncə Bakıda baş verən qanlı qırğını sovet rəhbərliyinin qərəzli, ermənipərəst siyasətinə etiraz səsini ucaldan, respublikanın ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımızın haqq səsinin boğulmasına cəhd, hürriyyət və istiqlaliyyət mübarizəsinə qəsd kimi dəyərləndiriblər.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.