...

Monteneqro telekanalında 20 Yanvar faciəsi barədə danışılıb

22.01.2022

Monteneqronun “TV7” televiziya kanalının səhər verilişində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar geniş məlumat verilib.

Verilişin qonağı olan Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə 32 il öncə sovet imperiyasının Bakıda dinc sakinlərə qarşı qanlı qırğın törətdiyi, Qara Yanvar hadisələrinin Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq və rəşadət səhifəsi kimi həkk olunduğunu söyləyib. Müsahibə zamanı 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə getdiyi, SSRİ rəhbərliyini xalqımıza qarşı hərbi təcavüzdə ittiham etdiyi və günahkarların cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyi, onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul olunduğu və sair faktlar nəzərə çatdırılıb.

Mərkəzin direktoru bildirib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu bu gün şaddır. Çünki Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz xalqımızın 30 illik həsrətinə son qoyub, torpaqlarımızı erməni işğalından azad edib və hazırda həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.