...

Pyatiqorsk şəhərində 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib

21.01.2022

Rusiyanın Pyatiqorsk şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, diaspor fəalları Telman Mustafayev, Araz Məhərrəmov və Əli Allahverdiyev 32 il öncə SSRİ rəhbərliyinin yarıtmaz, yolverilməz və ermənipərəst siyasəti nəticəsində Bakıda sovet vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş qanlı qırğını respublikamızın ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımıza qəsd kimi qiymətləndiriblər. 20 Yanvar hadisələrinin hüquqi, siyasi və mənəvi aspektlərindən danışan soydaşlarımız həmin gecə şahidi olduqları dəhşətli anlar, əliyalın gənclərimizin qorxmazlığı barədə təəssüratlarını bölüşüblər. Xalqımızın böyük əzmkarlıq nümayiş etdirərək sovet rejiminin qarşısında diz çökmədiyi, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.