...

Nyu-Yorkda Həmrəylik Günü münasibətilə bayram şənliyi təşkil edilib

05.01.2022

Nyu-York şəhərinin Bruklin rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Qadın Cəmiyyəti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan bayram şənliyində 100-dən çox soydaşımız və qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin və “Turan” ansamblının rəhbəri Telman Cəlil, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri Minəvvər Vahabova, Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zöhrə Şərifi açaraq, Həmrəylik Gününün tarixi barədə ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən Turkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun konsul müavini Orhan Selçuk Sarı, Türk Dərnəkləri Federasiyasının sabiq və indiki başçıları Atilla Pak və Zarifşa Muratoğlu, baş katib Gülay Kösəoğlu, Dağ Yəhudiləri İcmasının lideri Yakov Abramov və digər qonaqlar soydaşlarımızı bayram münasibətilə təbrik edib, ölkəmizin və xalqımızın ünvanına xoş arzularını çatdırıblar. Pakistan icmasının nümayəndəsi Vaqil Əhməd, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Cavid İsmayılov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova və Nyu-York şəhərinin meri Erik Adams videobağlantı və məktub vasitəsilə təbriklərini tədbir iştirakçılarına çatdırıblar.

2021-ci il ərzində Azərbaycan həqiqətlərinin təbliğ olunmasında göstərdikləri fəallığa görə 32 gəncə fəxri fərman, Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən Türkiyə Cümhuriyyətinin, Pakistan Respublikasının və İsrail dövlətinin təmsilçilərinə təşəkkürnamələr təqdim olunub.

Tədbir əylənçəli oyunlar və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Turan" ansamblının təqdim etdiyi konsert proqramı ilə davam edib.