...

Eskişehirdə Həmrəylik Günü qeyd edilib

30.12.2021

Türkiyənin Eskişehir şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və başqaları çıxış edərək, dünya azərbaycanlılarını və türk dünyasını bayramlar münasibətilə təbrik ediblər. Vətən müharibəsi zamanı xalqımızın, dünya azərbaycanlılarının və türk dünyasının birlik və bərabərliyinin ölkəmizə qalibiyyət gətirdiyi vurğulanıb, bu dəyərlərin daha da möhkəmləndirilməsinin vacib olduğu nəzərə çatdırılıb.

Tədbir zamanı tanınmış şəxslərin Azərbaycan xalqına və Eskişehirdə yaşayan həmvətənlərimizə ünvanladıqları təbrik videoçarxı, birlik və həmrəyliyə nümunə kimi isə Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Komitəsinin ərsəyə gətirdiyi və Eskişehir Osman Qazi Universitetinin tibb ixtisası üzrə I kurs tələbəsi Emil Hüseynzadənin bir günlük həyatını əks etdirən videofilm nümayiş etdirilib.

Sonra diaspor quruculuğunda fəal iştiraklarına görə bir qrup gəncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəkkürnamələri təqdim edilib. Təltif olunan gənclər bu etimada görə DİDK sədri Fuad Muradova təşəkkürlərini bildiriblər.

Tədbir dərnəyin “Turan” musiqi qrupunun təqdim etdiyi bayram konserti ilə davam edib.