...

Antalyadakı beynəlxalq festivalda ölkəmiz təmsil olunub

30.12.2021

Türkiyənin Antalya şəhərindəki məşhur “Cam Piramit” konqres-sərgi kompleksində keçirilən “Həp birlikdə Yeni ilə” adlı beynəlxalq festivalda ölkəmizi Azərbaycan Xalqlar Dostluğu Dərnəyi təmsil edib.
Festivalda müxtəlif xalqların mədəniyyətlərini təqdim etmək məqsədilə Antalyada fəaliyyət göstərən əcnəbi dərnəklər və qadın kooperativləri iştirak ediblər.
Azərbaycan guşəsində ölkəmizə məxsus suvenirlər, məhsul və mətbəx nümunələri nümayiş etdirilib. Guşəni ziyarət edən yerli ictimaiyyət nümayəndələri və turistlər Vətən müharibəsində parlaq zəfər qazanan ölkəmizlə qürur duyduqlarını, Azərbaycan və Türkiyənin ayrılmaz dövlət və bir millət olduqlarını bildirib, təamlarımıza qonaq olublar.
Qeyd edək ki, Antalya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 24 dekabr – 2 yanvar tarixində baş tutan beynəlxalq festival çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq.