...

Sakarya şəhərində Həmrəylik Günü qeyd edilib

30.12.2021

Sakarya Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Azərbaycan Kültür və Dayanışma İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə Sakarya Üniversiteti rektoru Prof. Dr. Fatih Savaşan, Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm Yüce, Sakarya İl Jandarma Komutanı Albay Aydın Kutlu, Sakarya İl İmmiqrasiya İdarəsinin müdiri Hülya Qorqud, Sakarya Qubernatorluğu İl Sosial Araşdırmalar və Layihə rəhbəri Taylan Şanlı, SUBÜ rektoru Mehmet Sarabıyık, səs sənətçisi Akif Yener, Prof. Dr. Ferruh Tuzcuoğlu və universitetin müəllim-tələbə heyəti iştirak edib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Kültür və Dayanışma İcmasının rəhbəri Sahib Həşimov, Sakarya Universitetinin rektoru Prof. Dr. Fatih Savaşan və Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm Yüce Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik edib, Türkiyə ilə Azərbaycanın bir-birindən ayrılmaz iki dövlət və bir millət olduğunu bildiriblər.

Vətən müharibəsi dövründə bütün xalqın, xaricdə yaşayan soydaşlarımızın və türk dünyasının Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini xatırladan S.Həşimov “Birliyimiz nəticəsində 30 il işğalda olmuş torpaqlarımızı 44 gün ərzində geri aldıq. Birliyimiz, həmrəyliyimiz əbədi olsun!”, - deyə vurğulayıb.

“Azərbaycan bizim qardaş ölkəmizdir, biz birlikdəyik, ortaq keçmişimiz var, ortaq gələcəyimiz var. Türkiyədə təhsil alan azərbaycanlı türk gənclərimiz sayəsində əlaqələrimizi daha da dərinləşdirəcək və bununla da bəşəriyyətə başqa bir dünya təqdim edəcəyik", - deyə Sakarya Universitetinin rektoru nəzərə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsert zamanı "Onun adı əfsanəvi Sakarya" mahnısı səsləndirilib, şeirlər oxunub, Azərbaycanın milli rəqsləri təqdim olunub.