...

Parisdə Həmrəylik Gününə həsr olunmuş caz konserti təşkil edilib

29.12.2021

Paris şəhərindəki Luvr muzeyinin “l'Oratoire du Louvre” zalında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Balaban cazla görüşür” (“Balaban meets jazz”) adlı konsert keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təşkil etdiyi konsertdə ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin, əməkdaşları, Azərbaycan diasporunun, fransız ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADDF-in icraçı direktoru Əkrəm Abdullayev Həmrəylik Gününün əhəmiyyətini vurğulayıb, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın geridə qoyduğumuz bu illər ərzində göstərdikləri milli birlik və həmrəyliyin diaspor quruculuğu və inkişafinda böyük yol qət edildiyinin göstəricisi olduğunu bildirib. Çoxmillətli ölkə, mədəni müxtəliflik və tolerantlıq ənənələri güclü olan ölkəmizin hər zaman mədəniyyət və sivilizasiyalararası əlaqəni dəstəkləmək naminə belə layihələr həyata keçirməyə hazır olduğunu söyləyib. O, Azərbaycan musiqi mədəniyyətindən söz açaraq, azərbaycanlı gənc və istedadlı musiqiçilər – Ələfsər Rəhimov (zurna, balaban, tütək) və Etibar Əsədli (fortepiano) haqqında məlumat verib, onların musiqimizi dünyada layiqincə təmsil və təşviq etdiklərini diqqətə çatdırıb.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev çıxışında Qarabağda parlaq qələbənin qazanılmasında soydaşlarımızın, dost icmaların üzvlərinin və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hər bir insanın böyük payı olduğunu qeyd edib. Fransa-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edən diplomat mədəni əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb.

Azərbaycan xalq musiqiləri, muğamları və caz ilə sintezdən ibarət repertuarın təqdim edildiyi konsertdə fransız tamaşaçılar kvintet üzvləri Ələfsər Rəhimov (balaban), Etibar Əsədli (fortepiano), Naom İsraeli (zərb alətləri), Gi Bernfeld (elektik bas-gitara) və Kevin Lazakisin (gitara) ifalarını heyranlıqla izləyiblər. "Arşın mal alan", "Sarı gəlin", "Yollar", "Qara qaşın vəsməsi" kimi əsərlərlə yanaşı, həmvətənlərimiz öz bəstələrini də səsləndiriblər.

Qədim musiqi mədəniyyətimizin ən nadir nümunələrindən biri olan, UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmək üçün təqdim edilmiş balaban alətinın səsinə heyran qalan izləyicilər konsertdən sonra musiqi albomlarını əldə ediblər.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti və musiqisinin dünyada təbliği məqsədilə ADDF 4 musiqi albomu, 2 kitab nəşri ilə bağlı layihəni həyata keçirib.