...

Şimali Kiprdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

28.12.2021

Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və rəsmi şəxslər, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar Cavanşir Quliyev çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını bu münasibətlə təbrik ediblər. Həmrəylik Gününün yaranma tarixi barədə ətraflı məlumat verilib. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci ilin 16 dekabr tarixində xalqımızın ulu öndəri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin böyük Zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib”, - deyə O.Həsənoğlu vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar adadakı həmvətənlərimizlə birlikdə həmrəylik gününü qeyd etməkdən məmnunluq hissi duyduğunu bildirib və xalqımızı bayramlar münasibətilə təbrik edib. “Biz böyük millətin övladları olaraq köklü millətik, üç dövlətik. Bayraqlarımız müstəqilliyimizin, gücümüzün və bütün dünyadakı türklərin azadlıq ifadəsidir. Sizin Qarabağda əldə etdiyiniz parlaq Zəfər bizim də zəfərimizdir. Kiprli türklər çox acılar çəkdi, bu çətinliklərimizdə hər zaman Ana Vətən Türkiyə yanımızda oldu. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğuna əminik”, - deyən Ersin Tatar xüsusi olaraq Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrikini çatdırıb.

Sonra Azərbaycan Respublikası ilə Şimali-Kipr Türk Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə diaspor təşkilatının üzvləri Fəxrəddin Məmmədova, Cavanşir Quliyevə, Bəxtiyar Məmmədova, Nəzrin Atatuzuna və Nigar Muradovaya təşəkkürnamələr təqdim olunub.

Bayram tədbiri konsert proqramı ilə davam edib. Budapeştdəki Türk icması nümayəndələrinin saz alətində təqdim etdikləri musiqi repertuarı maraqla qarşılanıb.