...

Dövlət Komitəsi “Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri təşkil edib

25.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib.

DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, dövlətimizin inkişafı yolunda xarüqələr yaratmış Müzəffər Ali Baş Komandanın misilsiz xidmətlərini əks etdirən “Dünya Azərbaycanlıları Sizinlədir, Müzəffər Ali Baş Komandan!” adlı videocarxın təqdimatından sonra Komitə sədri xaricdə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

DİDK sədri dünyanın nüfuzlu dövlət xadimləri və siyasətçiləri arasında layiqli yer tutan dövlət başçısının tapşırıq və göstərişləri əsasında diaspor quruculuğu sahəsində yeni və mühüm mərhələnin başlanmasından danışıb, xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqəti cəlb edib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq ifadə edib.

Ardınca komitənin və Azərbaycan diasporunun 2021-ci ildəki fəaliyyətini əks etdirən video hesabat təqdim olunub.

Tədbir iştirakçıları dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçımıza minnətdarlıqlarını bildirib, Müzəffər Ali Baş Komandanı 60 illik yubileyi münasibətilə təbrik edib, hər zaman Azərbaycanın və onun ali siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.

Çıxış edənlər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanmasına və dünyada təbliğ olunmasına mühüm töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini ifadə ediblər.

Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor nümayəndələri, eləcə də müxtəlif xarici qonaqlar, o cümlədən litvalı hərbi jurnalist, Xocalı soyqırımının şahidi, “Sonsuz dəhliz” filminin iştirakçısı Riçard Lapaitis, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, tanınmış siyasi şərhçi, jurnalist, "Tovuzdan Qarabağa" kitabının müəllifi Malik Ayyub Sumbal və başqaları çıxış edərək, belə mühüm tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
“Bir olaq, həmrəy olaq!” konfransının iştirakçıları dövlətimizin diaspor siyasətini həyata keçirən DİDK-nın fəaliyyətini qiymətləndirdiklərini diqqətə çatdırıblar.

Tədbirdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adları açıqlanıb.

Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin təqdim olunduğu bayram tədbiri Diaspor Marşının səsləndirilməsi ilə başa çatıb.