...

Bişkekdə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının audiokitabı təqdim edilib

17.12.2021

Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabının təqdimat mərasimi keçirilib.
“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində elm xadimləri, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bu münasibətlə fond qüdrətli söz ustadının “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabının büraxılması qərarını alıb.
Qeyd edib ki, bu layihənin gerçəkləşdirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi və Türkdilli Dövlətlərin Parlament Assambleyası dəstək göstərib. Bir neçə il öncə fondun sifarişi ilə poemanı qırğız dilinə Xalq şairi Egemberdi Yermatov tərcümə edib. Audiokitabın rejissoru Bektursun Kaldarovdur. Mətni tanınmış diktor Jıparqul Şabdanaliyeva oxuyub.
Sonra Macarıstanın Qırğızıstandakı səfiri Şandor Doroqi, Yaponiyanın Qırğızıstandakı səfirinin müavini Soiçiro Okava, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının tərcüməçisi Egemberdi Yermatovun oğlu Yermek Yermatov, Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru Gülcamal Camankulova, institutun əməkdaşı Klara Soltanbayeva, Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul forumunun sədr müavini Dinarə Jumabayeva, Qırğızıstan Gimnastika Federasiyasının prezidenti Əsəd Əsədov və başqaları çıxış ediblər. Bildirilib ki, dünya poeziyasının şah əsəri sayılan “Xəmsə”dəki çoxsaylı nümunələr sübut edir ki, Azərbaycanda tolerantlıq və multikulturalizmin dərin tarixi kökləri, zəngin ənənələri var. Dünyada bu mənəvi dəyərlərin reallığa çevrilməsində Nizami Gəncəvinin ölməz bəşəri ideyaları mühüm rol oynayıb.
Audiokitabın təqdimatından sonra dövrümüzün böyük şəxsiyyətləri Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki qüdrətli oğul...” sənədli filmi nümayiş edilib.
Audiokitabın tam versiyasını aşağıdakı linkdən dinləmək mümkündür:
http://turktoday.info/news_az/gruppa-lider/