...

Kişinyovda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib

13.12.2021

Kişinyov şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə dahi şəxsiyyətin ölkəmizin Moldovadakı səfirliyinin yaxınlığında ucaldılmış büstü ziyarət edilib. Soydaşlarımız və diplomatlarımız ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəsinin önünə gül dəstələri düzüblər.

Sonra MAK sədri Elçin Bayramov, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov çıxış ediblər. Qeyd edilib ki, Vətən sevgisi həyatının kredosuna çevrilən Heydər Əliyevin gərgin əməyi nəticəsində müasir Azərbaycan dövləti qurulub və Dağlıq Qarabağın Azərbaycana qaytarılması istiqamətində mühüm addımlar atılıb. “Heydər Əliyevin sayəsində Azərbaycan dünyada layiqli yer tutdu və bu gün hamımız fəxr edə bilərik ki, biz azərbaycanlıyıq. Onun ideyaları həmişə bizimlə qalacaq. Azərbaycanın firavanlığına, çiçəklənməsinə aparan yolu Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir”, - deyə bildirilib.