...

Milan şəhərində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

13.12.2021

İtaliyanın Milan şəhərində görkəmli dövlət xadimi və xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, azərbaycanlı icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilya təməli ulu öndər tərəfindən qoyulan İtaliya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi və gələcək perspektivlərindən söz açıb.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun üzvü Vüqar Bayramov Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin Avropa Birliyi-Azərbaycan iqtisadi münasibətlərinə təsiri və gələcək inkişaf perspektivlərindən, Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın rolundan danışıb.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğu, 44 günlük Vətən müharibəsinin gedişində və sonra ölkəmizə siyasi və diplomatik dəstək göstərdiyi məmnunluqla vurğulanıb.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filminin nümayiş etdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, “ARB Media qrup”un “Aranfilm” Yaradıcılıq Mərkəzinin lentə aldığı filmi italyan dilinə Neapol-Bakı Assosiasiyası tərcümə edib.