...

Qırğızıstan paytaxtında Nizami Gəncəvinin yubileyi qeyd edilib

12.12.2021


Bişkek şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbir keçirilib.

“Çingiz Aytmatov adına “Manas” Milli Akademiyası” dövlət müəssisəsində baş tutan tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), diplomatik korpusun, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyevin çəkdiyi “Nizami” bədii filminin nümayişi ilə başlayan tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, “Çingiz Aytmatov adına “Manas” Milli Akademiyası” dövlət müəssisəsinin prezidenti Topçubəy Turqunəliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov çıxış ediblər. Nəzərə çatdırılıb ki, Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edildiyindən, TÜRKSOY da bu mühüm tarixi və mədəni hadisənin geniş qeyd olunmasına dair qərar qəbul edib. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində qüdrətli söz ustadının yaradıcılığından bəhrələnmiş müasir bəstəkarların əsərlərindən ibarət olan klassik musiqi konsertləri və sərgilər təşkil olunub.

Qüdrətli söz ustadının yaratdığı əsərlərin türk və dünya ədəbiyyatının incisi olduğu, zəngin yaradıcılığı vasitəsilə insanları xeyirxahlığa, mərhəmətə, ədalətə çağırdığı, vətəni, gözəlliyi sevməyi, XII əsrdə gender bərabərliyini vəsf etdiyi, dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin bütün zamanların və xalqların 7 ən yaxşı şairi sırasına Nizami Gəncəvini də aid etdiyi vurğulanıb.

Tədbir çərçivəsində “Nizami Gəncəvini oxuyarkən” art-albomunun təqdimatı keçirilib. “Bütün türk dünyasının onu tanıması üçün hələ hər şey deyilməyib və hər şey edilməyib”, - deyə D.Kasainov söyləyib.

Sonra Qarabağ savaşını dürüst işıqlandırdıqlarına görə TÜRKSOY-un media mükafatları “Anadolu” agentliyinin Qırğızıstandakı müxbiri Nazir Əliyevə və “Qırğızıstanın Sözü” qəzetinin icmalçısı Aida Şirinovaya təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.