...

Niderlandda Aşıq Ələsgərin poçt markaları çap edilib

12.12.2021


Niderland Krallığının Leuvarden şəhərində xalqımızın ustad sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə poçt markası buraxılıb.

"Hollandiyada Azərbaycan Evi"nin təşəbbüsü ilə çap edilən markaların üzərində ustadın saz aləti ilə birlikdə təsviri əks olunub, “1821-2021”, “Azərbaycan”, “Aşıq Ələsgər” və “ildönümü” sözləri yazılıb. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin bu il qeyd olunmasına dair Sərəncam imzalayıb.