...

İstanbul Aydın Universitetinin təsisçisi Diasporla İş üzrə Dövlət Komitəsində olub

02.12.2021

Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin başqanı Mustafa Aydın Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

Qonağı salamlayan Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli DİDK-nın fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında məlumat verib, son illər müxtəlif ölkələrdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti üçün görülən işlərdən söz açıb. Xüsusən Vətən müharibəsi dövründə xarici ölkələrdə keçirilən aksiyalarda birgə fəaliyyətin mühüm nəticələr verdiyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkür edən Mustafa Aydın Qarabağ Zəfərinin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri olduğunu vurğulayıb. Bildirib ki, Vətən müharibəsi dövründə rəhbərlik etdiyi Avrasiya Universitetlər Birliyinin üzvü olan 200 universitetə Azərbaycanın mövqeyinin haqlı olduğuna dair məktub göndərib. DİDK-nın fəaliyyətini yüksək qiymətləndirən qonaq Azərbaycan və Türkiyə arasında elm, təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə tərəfdar olduğunu söyləyib.

Sonda Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsindəki fəaliyyətinə görə Mustafa Aydına DİDK adından təşəkkürnamə təqdim olunub.