...

Qahirədə “Azərbaycanı kəşf et!” rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib

26.11.2021

Misirin Qahirə şəhərində keçirilən “Azərbaycanı kəşf et!” rəsm müsabiqəsinə yekun vurulub.

Azərbaycan diasporunun Misirdəki sədr müavini, “El Hedaya Co” şirkətinin səhmdarı Sada Əliəşrəfin və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi Səbinə Səmədovanın təşkilatçılığı ilə gerçəkləşdirilən müsabiqənin yekun mərasimi ölkəmizin Misirdəki səfirliyinin binasında baş tutub.

Misirin tanınmış rəssamı və professoru Məhəmməd Nacibin və
“Sabahın alimləri cəmiyyətinin” rəhbəri Dr. Heba Mahmudun daxil olduqları münsiflər heyəti müsabiqənin qaliblərinin adlarını açıqlayıb. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində ərəb dilində nəşr edilmiş “Qarabağ, Azərbaycan” kitabının təqdimatı keçirilib. Misirli Zina Mustafa Dərvişin doğma dilimizdə görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Azərbaycanı kəşf et!” rəsm müsabiqəsinin hər il keçirilməsi nəzərdə tutulur.