...

Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov vəfat edib

16.11.2021

Azərbaycan diasporuna ağır itki üz verib.

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov ömrünün 59-cu ilində koronavirusdan dünyasını dəyişib. Tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı.

1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olan soydaşımızın taleyində Ukraynanın Xarkov şəhəri xüsusi yer tutub. Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirən S.Qurbanov sonradan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti və Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir.

2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi dərin hüznlə mərhumun ailəsinə və Ukraynadakı diaspor üzvlərinə başsağlığı verir, onların kədərinə şərik olur.

Allah rəhmət eləsin!