...

Vaşinqtonda Zəfər Günü münasibətilə "Qarabağın ritmi" adlı xeyriyyə konserti keçirilib

16.11.2021

Vaşinqton şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə "Qarabağın ritmi" ("Rhythm of Karabakh") adlı xeyriyyə konserti keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və "United Charities for Azerbaijan" (UCA) xeyriyyə fondunun təşkilatçılığı ilə baş tutan konserti açıq elan edən UCA prezidenti Gündüz Tahirli bildirib ki, konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid ailələrinə yardım məqsədilə sərf olunacaq.

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında "Xudayar təsnifi" ilə başlayan konsert zamanı ekranda Qarabağı və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni əks etdirən görüntülər nümayiş olunub. Daha sonra Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova (piano), Ruslan Ağababayev (cazmen) və Xan Bəylinin (gitara) ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları səslənib.

Konsertdə Azərbaycan diasporunun üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.