...

Odessadakı soydaşlarımız Zəfər Günündə bir araya gəliblər

10.11.2021

Ukraynanın Odessa şəhərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə və 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Azərbaycan Evi”ndə təşkil edilən tədbir “Birlik” Odessa Azərbaycanlılarının diaspor təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirdə “Birlik” təşkilatının idarə heyətinin sədri Rövşən Quliyev, Türkiyənin Odessadakı baş konsulu Birey Yilmazsoy və diaspor fəalları çıxış edərək, xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, 44 gün davam edən Vətən müharibəsi dönəmində və sonra hər bir azərbaycanlı ölkəmizin əzəli Qarabağ bölgəsinə qələbənin və sülhün gəlməsi naminə əlindən gələni edib. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin vətənimizə göstərdikləri misilsiz xidmətlərinin unudulmayacağını, hər bir şəhidin və qazinin qarşısında baş əydiklərini bildiriblər.

Tədbir zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.