...

Torontoda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

10.11.2021

Kanadanın Toronto şəhər təhsil müəssisəsinin xarici dillər bölməsinin Azərbaycan dili – Ana dili sinfinin növbəti dərsinin mövzusu 8 Noyabr – Zəfər Gününün birinci ildönümünə həsr olunub.

Torontodakı "Azərbaycan dili sinfi" və əyalətlərdən olan ana dili siniflərinin birgə təşkilatçılığı ilə keçirilən dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Vətən Müharibəsi şəhidlərinin övladlarından ibarət xor qrupunun ifasında "Şəhid övladlarının zəfər sədası" adlı klip nümayiş olunub.

Məktəbin təlimatçıları tərəfindən şagirdlərə işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük müqəddəs savaşın tariximizin ən parlaq səhifəsinə çevrilməsi, Azərbaycan xalqının şərəf və ləyaqət anı kimi çağdaş tariximizə yazılması, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində düşmənin müqavimətinin qırılması və təqvimimizə Zəfər Günü kimi şanlı bir tarixin əbədi həkk olunmasından bəhs olunub.

Şagirdlər Zəfər Gününə həsr olunan, vətənpərvərlik mövzusunda bir-birindən maraqlı şeirlər, musiqi parçaları səsləndirib, çıxışlar ediblər.