...

Daşkənddə beynəlxalq elmi-nəzəri konfrans təşkil olunub

10.11.2021

Daşkənd şəhərində “Mənəviyyat körpüləri – Nizamidən Nəvaiyə qədər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Ösbəkistan Dövlət Şərqşünaslıq Universitetinin və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin birgə təşkil etdiyi konfransda Özbəkistan və Azərbaycanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Azərbaycanı konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, həmin institutun elmi katibi Əzizağa Nəcəfzadə, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elmira Hacıyeva təmsil ediblər.

Konfransda universitetin rektoru, professor Gülçöhrə Risxiyeva, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əskərov (onlayn formatda), Teymur Kərimli, Əzizağa Nəcəfzadə, özbək alimlər Avtandil Erkinov, Bakijon Tuxliyev, Kəramət Mullaxucayeva, Oysara Madaliyeva və başqaları çıxış ediblər. Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili”, Özbəkistanda “Əlişir Nəvai ili” elan edildiyinə diqqəti cəlb edən konfrans iştirakçıları qüdrətli söz ustadlarının ölməz əsərlərinin ayrı-ayrı hissələrini təhlil edərək, paralellər aparıblar.

Universitetin tələbələri Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyiblər.

Konfrans çərçivəsində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda Bakıda ingilis dilində çap olunan “Contributions of the Eurasian Nations to Islamic Culture” (Avrasiya xalqlarının İslam mədəniyyətinə töhfəsi) kitabının təqdimatı olub.