...

Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” mövzusunda tədbir təşkil edilib

21.10.2021

Daşkənd şəhərindəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi: Şərqin böyük şairi” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə Azərbaycandan gələn qonaqlar dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidənin önünə əklil və güllər düzüblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkil etdiyi tədbirdə iki ölkənin millət vəkilləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının nümayəndələri və tələbələr iştirak ediblər. Tədbir zamanı Nizami Gəncəvinin özbək dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı baş tutub.

Tədbirdə “Turan” Kitabxana-İnformasiya Mərkəzinin direktoru Dildora Abduazizova, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Milli Məclisinin üzvü, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Səidqani qızı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, alim və tərcüməçi Babaxan Şərif və Özbəkistandakı “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunduğuna diqqəti cəlb edən natiqlər “Xəmsə”nin özbək dilində nəşrini böyük mədəni hadisə adlandırıb, qüdrətli söz ustadının Özbəkistan ədəbiyyatına təsirindən danışıblar. Böyük özbək şairi Əlişir Nəvainin dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq türk dilində “Xəmsə” yaratdığı, ölkələrimizin milli-mədəni irslərinə sahib çıxdıqları, xalqlarımızın dost, qardaş olduğu, Vətən müharibəsi zamanı Özbəkistanın birmənalı olaraq Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi nəzərə çatdırılıb.

Sonra Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı fəallıq göstərən şəxslərə Milli Məclisin Mədəniyyət komitəsinin diplomları təqdim edilib.

Tədbir Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova və özbək müğənnilərinin konserti ilə yekunlaşıb.