...

Tallin şəhərində Müstəqilliyimizin Bərpası Günü təntənəli şəkildə qeyd edilib

20.10.2021

Estoniyada fəaliyyət göstərən “İrs” Estoniya-Azərbaycan gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Tallin şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Tallin şəhərinin rəmzi sayılan Ratuş zalında baş tutan tədbirdə Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Sven Sester, Estoniya mədəniyyət nazirinin müşaviri Anne Ly Reima, İnteqrasiya Fondunun rəhbəri İrena Käosaar, Tallinn Bələdiyyəsinin Xarici Əlaqələr Protokol idarəsinin müşaviri Marika Põldma, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Türkiyənin Estoniyadakı səfiri Süleyman İnan Yıldız, Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, müxtəlif icmaların nümayəndələri, soydaşlarımız və azərbaycanlı tələbələr iştirak ediblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə, Leyla Rəhimova və eston musiqiçisi Mari Liis Uibon çıxış ediblər. Yerli “Graatsia” rəqs qrupu Azərbaycan rəqslərini təqdim edib.