...

Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala-konserti keçirilib

24.09.2021

“Üzeyir Hacıbəyliyə ithaf” adlı qala-konsertdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas, İsrailin ölkəmizdəki səfirinin müavini, Qazaxıstanın və Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri və musiqi ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri, müsabiqənin təşkilat komitəsinin rəhbəri, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova Üzeyir Hacıbəyli yaradıcılığını təbliğ edən müsabiqənin keçirilməsinə Dövlət Komitəsinin dəstək durduğunu qeyd edib, bu müsabiqəyə və ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif layihələrə davamlı dəstəyə görə komitəyə minnətdarlığını bildirb. N.Əliyarova nəzərə çatdırıb ki, təmsil etdiyi təşkilatın müraciəti əsasında Diasporla İş üzrə Dövlət Komitəsi müsabiqəyə dəstək verib.

Təşkilatçılara təşəkkür edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov Prezident İlham Əliyevin tapşırığı ilə Komitənin fəaliyyəti çərçivəsində xaricdə yaşayan soydaşlarımıza hər sahədə dəstək göstərildiyini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən müxtəlif layihələrin, o cümlədən Üzeyir Hacıbəyli Festivalının geniş auditoriyası olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, Komitə Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkili məsələlərini və xüsusilə mükafat fondunun formalaşmasını dəstəkləməklə, soydaşlarımızı bəstəkarlıq yarışmasında yaxından iştirak etməyə çağırmaqla yarışmanın daha geniş vüsət alacağına ümid edir və növbəti müsabiqələrə də dəstəyini davam etdirəcəkdir.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın ölkəmizin parlaq Zəfərindən sonra təşkil edilən belə bir gecədə iştirak etməkdən məmnunluq duyduğunu söyləyib.

Qala-konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) çıxış ediblər. Onların ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səsləndirilib.

Sonra Fransa, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya və Azərbaycanı təmsil edən laureat və diplomantlara mükafatlar təqdim olunub.

Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas, İsrailin ölkəmizdəki səfirinin müavini, Qazaxıstanın və Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri və musiqi ictimaiyyətinin təmsilçiləri konserti maraqla izləyiblər.

Müsabiqənin yekun konserti noyabrın 5-də Nyu-York şəhərindəki Linkoln Mərkəzində keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.