...

Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib

22.09.2021

Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Dasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, Azərbaycanın Zalsburqdakı fəxri konsulluğunun əməkdaşları, Avstriyada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Avstriyada Azərbaycan icmasının vəziyyəti, diaspor fəaliyyətinin təşkili və görülən işlər barədə danışıb, mədəni əlaqələrin inkişafı istiqamətində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdir edib və Zalsburqda təsis edilən Azərbaycan Evinin ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycanın Zalsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu Mixael Haynritsi Avstriyanın qeyri-rəsmi paytaxtı statusunu daşıyan Zalsburq şəhərində Azərbaycan Evinin açılmasından məmnunluq ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdə yaradılmış Azərbaycan Evləri və onların fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər yaranmasına baxmayaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Azərbaycan Evlərinin uğurlu fəaliyyətini təşkil etmək mümkün olub və onların sıraları genişlənib. Bu gün Zalsburq şəhərində açılan Azərbaycan Evinin sayca 15-ci belə bir mərkəz olduğunu diqqətə çatdıran F. Muradov 2024-ci ilədək onlarının sayının 26-ya çatdırılmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd olunub ki, Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən Koordinasiya şuraları və Azərbaycan Evləri uğurla fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Evləri icma üzvlərinin bir araya gəlməsi, öz fəaliyyətlərini səmərəli şəkildə vahid mərkəzdən təşkili üçün məkan rolu oynayacaqdır.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.
Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov hesabat xarakterli çıxış edib, təşkilatın yarandığı gündən indiyədək göstərdiyi fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Zalsburq vilayəti rəhbərinin müşaviri Hubert Vaynberger və xanımı, Namibiyanın Zalsburqdakı fəxri konsulu İnqrid Vaynberger, Latviyanın Zalsburqdakı fəxri konsulu Karl Vindinq iştirak ediblər.
Açılış mərasiminin bədii hissəsində Əməkdar artistlər - tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov solo-konsert proqramı ilə çıxış ediblər. Proqramda xalq mahnıları, rəqslər və muğam kompozisiyası təqdim olunub.