...

Əskişəhər Azərbaycanlıları Dərnəyi müsabiqə elan edib

24.08.2021

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsünə əsasən “Üççizgi” dərgisi ilə “Siz haradasınız?” adlı müsabiqəyə start verilib.
Dərnəyin yaradılmasının 11-cü ildönümü münasibətilə 2021-ci il 20 avqust tarixindən açıq elan edilən müsabiqəyə “Dəmir Yumruğ”un gücü ilə qazanılan Qarabağ zəfərinin birinci ildönümündə - 2021-ci il 8 noyabr tarixində yekun vurulacaq.
Müsabiqədə iştirak etmək istəyənlər bu şərtlərə əməl etməlidirlər: https://www.facebook.com/1383776621660857/posts/4425351290836693/ səhifəsinə daxil olub paylaşımı bəyənməli, öz şəxsi Facebook səhifəsində paylaşmalı, paylaşımın koment hissəsinə “Üççizgi” dərgisi ilə hər hansi bir yerdə çəkdirdiyi şəkli əlavə etməli və ya #uccizgiharda həştəqi ilə öz şəxsi hesabında paylaşmalıdır.
Ən çox bəyənmə sayına sahib olan 3 şəxs müsabiqənin qalibi elan ediləcək. I, II və III yerlərin sahiblərinə pul mükafatları və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Eskişehər Azərbaycanlilar Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək indiyədək Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib. Bu layihələrdən biri Əskişəhərin yerli televiziya kanalı olan EsTV-də “Üççizgi” programının həyata keçirilməsindən (25.09.2020–02.06.2021 tarixləri arasında) ibarət olub. Proqram çərçivəsində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə, Azərbaycanın tarixi günlərinə, görkəmli siyasət, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş rubrikalar yayımlanıb, 27 sentyabr tarixində başlayan və 8 noyabrda zəfərlə başa çatan, xalqa birlik və həmrəylik ruhunu aşılayan Qarabağ savaşına 4 buraxılış həsr olunub.