...

“Karabakh is Azerbaijan” Milli Platformasının bir qrup üzvü Bakıda görüşüb

10.08.2021

“Karabakh is Azerbaijan” Milli Platformasının ölkəmizdə və xaricdə yaşayan bir qrup üzvünün Bakı şəhərində görüşü keçirilib.

Türkiyə, ABŞ, Çin və Birləşmiş Ərəb Əmirliklərindən hazırda Azərbaycana səfər edən Milli Platformanın üzvləri tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonra ölkəmizdə olduqlarından qürur hissi duyduqlarını bildiriblər. Gənclər müstəqil dövlətimizin taleyi üçün böyük əhəmiyyət kəsb edən həmin həlledici günlərdə ölkəmizdəki həmyaşıdları ilə birlikdə informasiya savaşında həyata keçirdikləri mücadiləni xatırladıblar. Onlar “Qarabağ Azərbaycandır!” kimi milli taleyüklü şüarın bütün dünyaya yayılması naminə virtual aləmdən başlanan tanışlıqlarının hazırda gerçək dostluğa çevrilməsindən, bir platforma ətrafında birləşmələrindən məmnunluqlarını ifadə ediblər.

Görüş Milli Platformanın daha çox ölkəni əhatə etməsinin vacibliyi və fəaliyyət istiqamətlərinin genişlənməsi barədə ətraflı fikir mübadiləsinin aparılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Karabakh is Azerbaijan!” Milli Platformasının məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyada qəbul etdirilməsi, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gəncləri Vətənimizin təbliğ olunması kimi şərəfli missiyaya mütəşəkkil şəkildə səfərbər etməkdir.