...

Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclər humanitar aksiya təşkil edib

05.08.2021

Müxtəlif bölgələrində güclü meşə yanğınları ilə mübarizə aparan Türkiyəni dəstəkləmək məqsədi ilə Rusiyada yaşayan azərbaycanlı gənclər qardaş ölkəyə humanitar yardım göndəriblər.

Meşə yanğınlarından zərərçəkmişlərin ilkin ehtiyaclarını (ərzaq, paltar və dərman) təmin etmək üçün "Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyinin (AGB) təşkilatçılığı ilə xeyriyyə marafonu təşkil edilib. Rusiyada yaşayan minlərlə həmvətənimizin marafona yaxından qoşulması nəticəsində 363000 rubl ianə toplanıb.

Antalyaya səfər edən AGB sədri Elman Manafov və sədr müavini Fərid Əsgərov Türk Kızılay təşkilatının bu şəhərdəki rəhbərliyi ilə görüşüb və toplanılmış maddi yardımı təqdim ediblər.

Manavqat bələdiyyəsinin sədri Şükrü Sözen humanitar yardıma görə Elman Manafovun və Fərid Əsgərovun şəxsində Rusiyada yaşayan gənclərimizə minnətdarlığını bildirib. Türkiyənin bu çətin günlərində Azərbaycanın və dünyada yaşayan azərbaycanlıların böyük dəstəyindən danışan bələdiyyə sədri deyib ki, Türkiyə xalqı heç zaman bu qardaşlıq yardımını unutmayacaq.