...

Adilə Əliyeva adına XVI beynəlxalq musiqi müsabiqəsi tarixi Qələbəmizə həsr edilib

22.07.2021

Fransada yaşayan Azərbaycan əsilli pianoçu Adilə Əliyeva adına XVI beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
18-30 iyun 2021-ci il tarixində Fransada (Anemas) və İsveçrədə (Cenevrə) onlayn formatda təşkil edilmiş müsabiqə torpaqlarımızın azad olunması uğrunda Azərbaycanın əldə etdiyi böyük Qələbəyə həsr olunub. Piano və kamera musiqisi ifaçılarının qatıldıqları yarışda Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri təqdim olunub.
Müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun üzvü Loran Petijirar, münsiflər heyətinin sədri Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti Adilə Əliyevadır. Münsiflər heyətində Niderland, Polşa, Kosova və Gürcüstan musiqiçiləri təmsil olunublar.
1996-cı ildən etibarən təşkil edilən Adilə Əliyeva adına beynəlxalq müsabiqə Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.
Xatırladaq ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, yaradıcılığı ilə bağlı 30-dan artıq disk buraxılıb.