"Zəfərim Qarabağ" mövzusunda videokonfrans təşkil edilib

21.06.2021

Azərbaycan Gənclik Platformasının (AGP) təşkilatçılığı ilə "Zəfərim Qarabağ" mövzusunda videokonfrans keçirilib.
Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə AGP-nin sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Fariz Vəliyev, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, Qarabağ qazisi Rada Abbas, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova, "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova, TV100-ün müxbiri Ali Burak Ersemiz, AzTV-nin bölgə müxbiri Elnur Tofiq, "Anadolu" informasiya agentliyinin Fransa üzrə müxbiri Ümit Dönməz və başqaları çıxış ediblər.
Onlar Ermənistanın 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycana qarşı antihumanist davranışı, dövlət səviyyəsində terrorçu siyasət həyata keçirməsi, rəsmi İrəvana beynəlxalq səviyyədə təzyiqlərin artırılması, Azərbaycanın haqq səsinin Fransanın siyasi dairələrinin və yerli ictimaiyyətinin nəzərinə çatdırılması üçün diaspor təşkilatlarının fəaliyyəti, bu sahədə işlərin genişləndirilməsi, soydaşlarımızın Fransa parlamentində təmsil olunması, gənc nəslin Azərbaycanın və Türk Dünyasının tarixini dərindən bilməsi, xaricdə yaşayan gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi barədə danışıblar.
Qeyd edilib ki, Azərbaycanın gələcəyi əmin əllərdədir və Qarabağda əldə edilən parlaq Zəfər bütün Türk Dünyasının gücünü daha da artırıb. Bunu qədim Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa bəyannaməsi də sübut edir. "Bütün dünya üzərimizə gəlsə belə, Vətənimizin haqq səsini hər zaman dünya ictimaiyyətinə çatdıracağıq", - deyə K.Ceylinova vurğulayıb.