“Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

10.06.2021

“Ukrinform” informasiya agentliyinin təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Ukrayna və Azərbaycan arasında iqtisadi, siyasi, eləcə də informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu dəyirmi masada Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və ekspert Teymur Atayev iştirak edib. Dəyirmi masada hər iki ölkə təmsilçiləri gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni təkliflər səsləndiriblər. Görüşdə birgə informasiya platformasının yaradılmasının hər iki ölkə üçün səmərəli olacağı vurğulanıb. Dəyirmi masa iştirakçılarını salamlayan Komitə rəsmisi 44 günlük Vətən müharibəsi dövründə rəsmi Kiyevin sərgilədiyi ədalətli mövqeyə görə dost xalqın nümayəndələrinə bir daha təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan tərəfi də, öz növbəsində, hər zaman Ukraynanı dəstəkləyir və Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir.