Oslo şəhərindəki Norveç–Azərbaycan əlaqələrinə həsr olunmuş sərgi başa çatıb

08.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının təşəbbüsü ilə Oslo şəhərində təşkil edilən "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et!" adlı sərginin bağlanış mərasimi keçirilib.
Mərasimdə Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Jon Ramberq, Norveçin Oslo Universitetinin əməkdaşı, professor Vibeke Roggen və Oslo şəhər bələdiyyəsinin sədr müavini Kamzy Günaratnam, türk əsilli həkim Dr.Tendü Nazıllı və "CAN" təşkilatının idarə həyətinin üzvləri iştirak ediblər.
Üç həftə ərzində möhtəşəm sərginin keçirilməsi münasibətilə soydaşlarımızı təbrik edən keçmiş səfir Jon Ramberq "CAN" təşkilatının sədri Şervin Nəcəfpura Norveç – Azərbaycan bayraqlı döş nişanı hədiyyə edib. "Çox qürur duyuram ki, Oslonun mərkəzində bu cür gözəl sərgiyə şahid oldum. Tur Heyerdalın Azərbaycandakı büstünün təqdimat mərasimində açılışı mən etmişdim. Həmin mədəni hadisədə çəkilən şəkilləri görmək məni sevindirdi. Azərbaycanla bağlı olan xoş xatirələrim gözümün önündə canlandı. Azərbaycan qəlbimdə böyük və əziz bir yeri tutur", - deyə norveçli diplomat əlavə edib.
Oslo şəhər bələdiyyə sədrinin müavini Kamzy Günaratnam qeyd edib ki, ürək açan sərgini təşkil edən gənclərlə fəxr edir və dahi şəxsiyyətlər Tur Heyerdalın və Heydər Əliyevin irsinə layiqli şəkildə yanaşan gəncləri təbrik edir. "Əminəm ki, onlar sizin kimi gənclərlə qürur duyardılar. Əcnəbi əsilli siyasətçi kimi hər zaman deyirəm ki, hər bir insan doğulduğu və yaşamaq üşün seçdiyi ölkə ilə daim fəxr etməlidir. Bu gün məhz buna şahid oluruq. İnsan milli kimliyini itirmədən, hər iki mədəniyyəti gözəl şəkildə əks etdirə bilər", - deyə bələdiyyə rəsmisi söyləyib.
Qeyd edək ki, "CAN" təşkilatı Tur Heyerdal İnstitutu və Vestfold Muzeyləri ilə iki illik əməkdaşlığa başlayıb. Bu səbəbdən "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et!" adlı sərgi Norveçin Tönsberq şəhərindəki "Slottsfjellsmuseet" muzeyində, Tur Heyerdalın Larvikdəki ev muzeyində və "Viking Planet" muzeyində də nümayiş etdiriləcək. Bu sərgilərdə azərbaycanlı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfovanın hazırladığı milli geyimlərimiz də təqdim olunacaq.