Primorsk diyarının Ussuriysk şəhərində Respublika günü təntənə ilə qeyd edilib

03.06.2021

Azərbaycan diasporunun Ussuriysk şəhər dairəsi üzrə regional şöbəsinin təşkilatçılığı və Ussuriysk şəhər dairəsi administrasiyasının dəstəyi ilə 28 may – Respublika gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Ussuriysk şəhərindəki "Qorizont" kinoteatrında baş tutan tədbirdə şəhər dumasının, müxtəlif milli icmaların nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Bayram şənliyində Ussuriysk şəhər dairəsi dumasının sədri Aleksandr Çernış, Azərbaycan diasporunun regional şöbəsinin sədri Əhməd Əliyev, Primorskdakı Azərbaycan diasporunun sədri, "Azərbaycan" qəzetinin baş redaktoru Ramiz Zeynalov çıxış ediblər. Onlar xalqımızı və Primorsk diyarında yaşayan soydaşlarımızı Respublika günü və ötən il II Qarabağ müharibəsində qazanılan parlaq Qələbə münasibətilə təbrik ediblər.
Qeyd edilib ki, Azərbaycan Demokratik Respublikasının vaxtilə qəbul etdiyi üçrəngli dövlət bayrağının ölkəmizin işğaldan azad edilmiş ərazilərində yenidən dalğalandırılması Cümhuriyyətin 103-cü ildönümünə bəxş edilən ən böyük töhfədir.
Tədbir konsert proqramı ilə yekunlaşıb.