Birləşmiş Ərəb Əmirliklərində Respublika günü qeyd edilib

31.05.2021

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "BƏƏ-də Azərbaycanlı Xanımlar" qrupunun təşəbbüsü ilə 28 may – Respublika günü münasibətilə soydaşlarımız Dubay şəhərində bir araya gəliblər.
Görüşdə BƏƏ-də yaşayan xanımlarla yanaşı, Almaniya və Böyük Britaniya vətandaşları olan soydaşlarımız da iştirak ediblər. "BƏƏ-də Azərbaycanlı Xanımlar" qrupunun təsisçisi, tibb üzrə fəlsəfə doktoru, Ajman Şəhər Universiteti Kollecinin (City Universiteti college of Ajman) professor assistenti Sabrin Əli Məhəmməd Əzim xanımları Respublika günü münasibətilə təbrik edib.
Qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "28 may - Respublika günü" münasibətilə təşkil etdiyi virtual konfransda şahid olduğu bayram əhval-ruhiyyəsi onu bu görüşün keçirilməsinə sövq edib. Onun sözlərinə görə, xarici ölkələrdə, o cümlədən Dubay şəhərində yaşayan gənc soydaşlarımızın qalib xalqın övladları kimi tariximizi və dövlətçilik dəyərlərimizi yaşatmalarına böyük ehtiyac var.
"BƏƏ-də Azərbaycanlı Xanımlar"ın rəhbərliyində təmsil olunan Aysel Məmmədova, Xədicə Rzayeva, Aytən Babakişiyeva Alshabibi bildiriblər ki, Respublika gününü qalib xalq kimi qeyd etmək qürurvericidir və xaricdəki soydaşlarımızın bir araya gəlməsi tariximizlə bağlı gözəl anları yaşatmaq, paylaşmaq, həmrəylik, birlik, vətənpərvərlik duyğularını artırmaq, doğma dildə danışmaq baxımından çox mühümdür.
Qeyd edək ki, "BƏƏ-də Azərbaycanlı Xanımlar" qrupu 9 noyabr 2020-ci il tarixində Sabrin Əli Əzimin təşəbbüsü ilə yaradılıb. Sabrin xanım həm də Niderland Krallığında Kəmalə Ceylinovanın rəhbərlik etdiyi ""Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu"nun üzvüdür.