Avropa azərbaycanlıları soydaşlarımızı “YAŞAT” marafonunda fəal iştirak etməyə çağırıb

17.05.2021

Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və azərbaycanlı icmaları müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak eməyə çağırıb.
Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri şəxsi sosial şəbəkə hesabları və sosial şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda aktiv iştiraka çağırıb. Marafona dəstəklə bağlı paylaşımlar Norveçdə fəaliyyət göstərən "CAN", Avstriyadakı "AZERDER", İsveçdəki SAF (İsveç Azərbaycan Mədəniyyət Dərnəyi), Fransadakı Azərbaycan Mədəniyyət Assosiasiyası, Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlanddakı "Azərbaycan evi", Münhen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən edilib. Eyni məzmunlu çağırış 35600 üzvü olan "Avropa Azərbaycanlıları" adlı facebook səhifəsində də paylaşılıb.
Xatırladaq ki, “YAŞAT” xeyriyyə marafonu 25 may 2021-ci il tarixində Bakı vaxtılə saat 21:00-da Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanacaq.