Ramazan bayramınız mübarək!

12.05.2021

Əziz həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi təbrik edir, Allahdan oruc və ibadətlərinizin, dualarınızın qəbul olunmasını diləyirik.
Ramazanın müqəddəsliyi Qurani-Kərimin məhz bu ayda nazil olması ilə bağlıdır. Ramazan insan təfəkkürünü nurlandıran, onu mənəvi, əxlaqi saflığa dəvət edən, nəfsinə hakim kəsilməyi aşılayan mübarək aylardandır. Milli-mənəvi dəyərlərə hörmətlə yanaşan Azərbaycan xalqı, dini mərasimlərə, o cümlədən Ramazan bayramına da böyük dəyər verərək, onu təntənə ilə qeyd edir.
İşğal altındakı ərazilərimiz uğrunda apardığımız Vətən müharibəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfərdən sonra ilk Ramazan bayramında bütün şəhidlərimizi ehtiramla anır, ruhlarının şad olmasını diləyir, qazilərimizə möhkəm can sağlığı arzulayırıq.
Azərbaycanın milli-mənəvi, dini dəyərlərini ölkəmizin hüdudlarından kənarda da yaşadan bütün soydaşlarımızı bu müqəddəs bayram münasibətilə təbrik edir, onlara can sağlığı, firavan həyat, ruzi-bərəkət və uğurlar arzu edirik. Vətənimizin, dünyamızın inkişafı, əmin-amanlığı uğrunda həmrəyliyimiz, birliyimiz daimi olsun!
Ramazan bayramınız mübarək!