İtaliya və Yunanıstan mediasında görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş məqalə yayımlanıb

12.05.2021

İtaliyanın https://diplomatic-correspondent.blogspot.com xəbər portalında Azərbaycan–İtaliya Birliyinin təşəbbüsü ilə, Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında isə "Qala" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
İtaliyalı jurnalist Karlo Marinonun qələmə aldığı məqalədə dahi şəxsiyyətin doğum gününün növbəti ildönümünün ölkəmizdə böyük qürurla və ehtiramla yad edildiyi bildirilib, onun ömür yolu barədə ətraflı məlumat verilib. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizə köklü və dinamik inkişaf gətirdiyi və mədəni dirçəliş dövrü kimi yaddaşlarda qaldığı vurğulanıb.
1997-ci ildə Heydər Əliyevin Azərbaycan Prezidenti olaraq İtaliyaya rəsmi səfər etdiyi, Azərbaycan–İtaliya arasında daha da möhkəmlənən bir əlaqənin əsasını qoyduğu, bu münasibətlərin inkişafının siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə, TAP qaz kəməri kimi strateji layihənin gerçəkləşdirilməsinə gətirib çıxardığı qeyd edilib.
"Qala" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə qələmə alınan məqalədə isə ümummilli liderin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilib. Heydər Əliyevin SSRİ-nin ən uğurlu liderlərindən biri olduğu, sovet dönəmində peşəkar azərbaycanlı kadrların yüksək vəzifələrə irəli çəkilməsində böyük rol oynadığı, rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərdiyi nəzərə çatdırılıb.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://diplomatic-correspondent.blogspot.com/2021/05/heydar-aliyev-per-il-popolo.html?m=1
https://www.karfitsa.gr/arthro-tou-syllogou-ellino-azerikis-filias-qala-gia-ton-cheintar-aligief/