Niderlandda ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə poçt markası çap edilib

10.05.2021

Niderland Krallığının Layverden şəhərində fəaliyyət göstərən "Niderlandda Azərbaycan Evi"nin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş poşt markası buraxılıb.
Bu barədə "Niderlandda Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli məlumat verib. Bildirib ki, poçt markasının çap edilməsi ideyası Niderlandda yaşayan azərbaycanlıların bu tarixi hadisəyə öz töhfələrini bəxş etmək zərurətindən yaranıb. Bu təşəbbüslə soydaşlarımız ümummilli liderə dərin ehtiramlarını nümayiş etdirərək niderlandlıların diqqətini dahi siyasətçinin həyat və fəaliyyətinə cəlb etməyə çalışıblar.
Qeyd edək ki, bir müddən öncə bu ölkədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə də poçt markası çap edilib.