Polşa mediasında Azərbaycan haqqında məqalə dərc olunub

06.05.2021

Soydaşlarımızın təşəbbüsü ilə Polşanın nüfuzlu “Publicystyka.ngo.pl” saytında “Polşa-Azərbaycan dostluğunun möhkəmləndirilməsində milli icmaların rolu” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanda hər zaman başqa millətlərin nümayəndlərinə hörmətlə yanaşıldığı və bu baxımdan hazırda polyakların da Azərbaycanın etnik müxtəlifliyinin əhəmiyyətli hissəsinə çevrildiyi vurğulanıb.
Müəllif qeyd edib ki, Polşada və Azərbaycanda milli icmaların fəaliyyətləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verir: “Sevindirici haldır ki, Varşavanın Praqa Poludni rayonunda Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iki hərbi xadiminin xatirəsinə abidə ucaldılıb. Varşavada abidənin ucaldılması tarixən sıx olan Azərbaycan-Polşa münasibətlərinin göstəricisi hesab edilir. Polşada yaşayan azərbaycanlıların ziyarət yerinə çevrilən bu abidə simvolik əhəmiyyət daşıyır və Azərbaycan-Polşa dostluğunun rəmzinə çevrilib. Polşada yaşayan azərbaycanlılar bu dostluğun möhkəmləndirilməsinə öz töhfələrini verməyə çalışırlar”.
Yazıda polyak icmasının da Azərbaycanda ölkənin iqtisadi, elmi, mədəni, maarif inkişafına verdiyi böyük töhfələr, xüsusən Polşanın məşhur memarlarının Bakıda tikdiyi binalar haqqında məlumat verilib: “Bu binalar Azərbaycanın milli-mədəni dəyərləri hesab olunur. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib”.
Müəllif Azərbaycan həqiqətlərinin Polşa cəmiyətinə və beynəlxalq ictimaiyyətə çatdırılmasında bu ölkədəki soydaşlarımızın aktivlik göstərdiyini yazıb: “Polşadakı azərbaycanlılar azərbaycançılıq, milli-mədəni dəyərlərin təbliği istiqamətində də işlər görürlər. Soydaşlarımız ölkəmizi öz tərbiyəsi, savadı, vətənpərvərliyi ilə təbliğ edir və Azərbaycanı Polşada tanıdırlar. Hazırda yüzlərlə azərbaycanlı tələbə Polşada təhsil alır, həmçinin bu ölkənin ictimai həyatında yaxından iştirak edirlər. Azərbaycan-Polşa münasibətlərinin möhkəmlənməsində, tarixi, mədəni və strateji tərəfdaşlıq əlaqələrində iki ölkə gənclərinin əhəmiyyətli rolu var”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://publicystyka.ngo.pl/rola-wspolnot-narodowych-i-organizacji-spolecznych-w-umacnianiu-przyjazni-polsko-azerbejdzanskiej