"Xarıbülbül" musiqi albomu təqdim edilib

04.05.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn "Xarıbülbül" (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.
Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunmuş layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli, musiqi redaktoru – sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.
Musiqi albomunda Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb, "Xarıbülbül" və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib. Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və başqalarının ifalarının daxil edildiyi albomun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Layihədə musiqi alətlərinin və repertuarın seçiminə xüsusi həssaslıqla yanaşılıb.
Layihənin Vətən müharibəsinin rəmzinə çevrilmiş "Xarıbülbül" adı daşıması təsadüfi deyil. Parlaq qələbəmizdə Ali Baş Komandanın ətrafında sıx birləşən, dünyanın dörd tərəfində yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi də bu layihədə də öz əksini tapıb. Müxtəlif ölkələrdə (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan və fəaliyyət göstərən istedadlı həmvətənlərimizin ifasında hazırlanan musiqi albomu Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna, xalqımıza və bütün azərbaycansevərlərə ərməğan edilib.