Soydaşımız Virciniya ştatının riyaziyyat müəllimləri şurasının prezidenti seçilib

30.04.2021

Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətlərdə uğur qazanması ölkəmizdə böyük sevinc doğurur. Bu istiqamətdə müvəffəqiyyət qazananlardan biri də ABŞ-ın Virciniya ştatında yaşayan, Redford Universitetinin professoru Agida Manizadədir. Bu günlərdə Agida xanım səsvermə yolu ilə Virciniya ştatının riyaziyyat müəllimləri şurasının prezidenti seçilib.
Bakıda anadan olan həmyerlimiz Bakı Dövlət Universitetini bitirib. Daha sonra təhsilini ABŞ-ın ən qədim və nüfuzlu ali məktəblərindən biri olan Villiam və Merri Kollecində və ölkənin dövlət universitetlərinin üçlüyünə daxil olan Virciniya Universitetində davam etdirib.
Hazırda Redford Universitetinin riyaziyyat və statistika fakültəsinin professorudur. Riyaziyyat müəllimlərinin bilikləri sahəsində araşdırmalarla, həndəsənin tədrisi və təlimi, maarifləndirici texnologiyalarla məşğuldur. "Virginia Mathematics Teacher Journal"ın baş redaktorudur, çoxsaylı məqalələrin müəllifidir. Fəxri mükafatlara layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Agida xanım Manizadəni Virciniya ştatının riyaziyyat müəllimləri şurasının prezidenti seçilməsi münasibətilə təbrik edir və həmvətənimizə daha böyük uğurlar qazanmağı arzulayır.