Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər

26.04.2021

Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və diaspor gəncləri təşkilatlarının birgə təşkilatçılığı ilə "Minalardan azad Azərbaycan, münaqişə sonrası perspektivlər" mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Dünyanın müxtəlif ölkələrindən 100-dən çox gəncin qatıldığı tədbir "ALİM" elmi assosiasiyasının rəhbəri Günel Səfərovanın moderatorluğu ilə baş tutub. Konfransda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, mina qurbanı Asəf Xudiyev, politoloq İlyas Hüseynov, jurnalist, insan hüquqları üzrə ekspert İrina Tsukerman, İslamabad Qlobal və Strateji araşdırmalar mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, irlandiyalı professor Patrik Volş, Rusiyadakı Azərbaycan diasporunun üzvü, pedaqoq Səbinə Lətifova, 46 saylı yəhudi məktəbinin müdiri, "Vaad le-atsala" yəhudi təşkilatının Azərbaycan filialının sədr müavini Zamir İsayev iştirak ediblər.
Tədbir mina partlayışı zamanı ayağını itirən ANAMA-nın əməkdaşı Asəf Xudiyevin çıxışı ilə başlayıb. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşadığını, sonradan ANAMA-da mina axtaran kimi çalışdığını və iş prosesində bu faciə ilə üzləşdiyini vurğulayan natiq bildirib ki, Ermənistandan minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməsini tələb edir.
Konfransda çıxış edən İlyas Hüseynov, İrina Tsukerman, Xalid Teymur Əkrəm, Patrik Valş, Sabina Lətifova və Zamir İsayev birmənalı şəkildə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsi tələbini dəstəkləyiblər. Bildirilib ki, hal-hazırda müharibənin nəticələrinin aradan qaldırılması mühüm aktuallıq kəsb edir, lakin bu prosesdə əsas maneə ərazilərin minalanmasıdır. "Mülki şəxslərə qarşı minalardan istifadə həm kin, həm də qorxaqlıqdır, hərbi səriştəsizliyi və çarəsizliyi göstərir" - deyən İ.Tsukerman beynəlxalq medianı bu məsələyə biganəlikdə ittiham edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiklərini xatırladan Xalid Teymur Əkrəm və Zamir İsayev şahidi olduqları mənzərəni erməni vəhşiliyinin bariz nümunəsi adlandırıblar.
Konfransın sonunda Azərbaycan Diaspor Gənclər Şəbəkəsi, Azərbaycan Diaspor Könüllüləri, "Karabakh is Azerbaijan!" Milli Platforması, Norveç–Azərbaycan Gənclər Təşkilatı, Mədəniyyətlərarası əlaqələr üçün Gənclər Birliyi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyası, Litva–Azərbaycan Gənclər Təşkilatı, Polşa Azərbaycanlıları Şurası, Polşadakı Azərbaycan Evi, "ALİM" elmi assosiasiyası, Xəzər Araşdırmalar Mərkəzi, Azərbaycan–Macarıstan Gənclər Birliyi, Azər–Türk Gənclər Təşkilatı, İRS Estoniya–Azərbaycan Gənclər Mərkəzi, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatı, Azəri Gənclər Təşkilatı, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi, Kipr–Azərbaycan Diaspor Mərkəzi, "Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti" nəzdindəki Azərbaycan Gəncləri Birliyi, "Azərbaycan İcmaları Konqresi" nəzdindəki Azərbaycan Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlı Gənclər Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanat qəbul edilib. Bəyanatda minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırış edilib.