Kanadada yaşayan soydaşımız beynəlxalq müsabiqənin qalibi olub

20.04.2021

Kanadanın Alberta əyalətinin Kalqari şəhərində yaşayan, dövrümüz üçün çox nadir olan bir işlə – silahsaz sənəti ilə məşğul olan soydaşımız Emin Məmmədov UNESCO tərəfindən Parisdə təşkil olunan müsabiqədə birinci yeri tutub.
41 yaşlı soydaşımız müsabiqəyə öz əl işi olan gümüş xəncəri təqdim edib. E.Məmmədov soyuq silahlar – bıçaqlar, xəncərlər və qılıncların hazırlanması üzrə ixtisaslaşmış sənətkardır. İlk ixtisası mühəndislik olan soydaşımız Almaniyada təhsil alaraq doktorluq elmi dərəcəsi alıb. 1994-cü ildə gümüş və metal emalı sənətinin sirlərinə yiyələnməyə başlayıb. Sənətkarlıq üzrə müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə və müsabiqələrdə fəal iştirak edir. Ənənəvi soyuq silahlar və gümüş bəzəklərə aid qədim naxışlar və üsulları dirçəltməyə çalışan soydaşımızın əl işləri Azərbaycan, Argentina, İsrail və sair ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Bu sahədə bir neçə onillik ərzində apardığı hərtərəfli araşdırmaların nəticəsi olan "The Azerbaijan armourer's art" ("Azərbaycanlı silahsazın sənəti") kitabının müəllifidir.