Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir

01.04.2021

"Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.
Birliyin sədri, tədqiqatçı - alim Seymur Nəsirov bildirib ki, universitetin humanitar fənlər fakültəsinin "Türk dili" bölməsində Azərbaycan dilini tələbələrə Birliyin fəal üzvü İnarə Osmanova tədris edir.
Azərbaycan dili dərslərində 100-ə yaxın tələbə iştirak edir və onlara ölkəmizlə bağlı geniş məlumat da verilir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. Bu müraciət əsasında Qahirədəki diaspor mərkəzində əlavə kursların təşkil olunması qərara alınıb.
Qeyd edək ki, 975-ci ildə təsis olunmuş əl-Əzhər Universiteti dünyanın ən qədim və ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.