İsveçdə Novruz bayramına həsr olunmuş onlayn tədbir təşkil edilib

30.03.2021

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının və "Odlar Yurdu" İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə "Yaz təravətli Bahar – Novruz bayramı" adlı onlayn tədbir keçirilib.
Tədbirdə Azərbaycan, ABŞ, Türkiyə və İsveçdən həmvətənlərimiz iştirak ediblər. Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberg və dərnəyin sədri Sevinc Nemətova tədbir iştirakçılarını salamlayaraq, onları birlik, bərabərlik, sülh, bolluq və bərəkət rəmzi olan Novruz bayramı münasibətilə təbrik ediblər. Bayram günündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, fədakar şəhid ailələrinə, igid qazilərimizə və veteranlarımıza minnətdarlıq bildirilib.
Tədbir Novruz bayramı ilə bağlı təbriklər, musiqilər, bayatılar və şeirlərin səsləndirilməsilə davam edib. Soydaşlarımız Novruz bayramı ilə bağlı xatirələrini bölüşüblər və Azərbaycan mahnılarını birlikdə ifa ediblər. Onlar xalqımıza və xaricdə yaşayan soydaşlarımıza sağlamlıq, əmin-amanlıq, firavan həyat və böyük uğurlar qazanmağı arzulayıblar.