Pyatiqorsk şəhərində Novruz bayramına həsr olunmuş konsert təşkil edilib

27.03.2021

Stavropol diyarının Pyatiqorsk vilayətində fəaliyyət göstərən "Araz" Azərbaycan milli-mədəni muxtariyyətinin və "Novruz" milli rəqs ansamblının birgə təşkilatçılığı ilə Pyatiqorsk şəhərində Novruz bayramına həsr olunmuş konsert keçirilib.
"Araz" Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Təhmasib Zeynalov bildirib ki, tədbirdə Pyatiqorsk şəhər dumasının sədri Lyudmila Pohilko, şəhər administrasiyası başçısının müavini İnna Plesnikova, şəhər administrasiyasının mədəniyyət idarəsinin rəhbəri Dmitri Vasyutkin, yerli dövlət orqanlarının və içtimaiyyətin nümayəndələri, çeçen, osetin, çerkes, tatar, yəhudi, alman, polyak, karaçay və yunan icmalarının rəhbərləri və üzvləri iştirak ediblər.
Novruz bayramının rəmzi olan səmənilərlə bəzədilmiş səhnədə "Novruz" milli rəqs ansamblının bayram proqramı təqdim edilib. Tamaşaçılar ansamblın bədii rəhbəri Bayram Babakişiyevin yetirmələrinin ifasında Azərbaycan rəqslərini böyük maraq və alqışlarla qarşılayıblar.
Konsertin sonunda Stavropol diyarının Mədəniyyət Nazirliyinin adından "Novruz" ansamblına 2021-2023-cü illər üzrə "Bədii özfəaliyyət yaradıcılığının xalq kollektivi" fəxri adı barədə şəhadətnamə təqdim olunub. Ansambl bu ada yüksək bədii səviyyə, ifaçılıq ustalığı nümayiş etdirdiyinə və diyar sakinlərinin estetik tərbiyəsində fəal iştirakına görə layiq görülüb.