İnquşetiyanın paytaxtında Novruz bayramı qeyd edilib

26.03.2021

Rusiya Federasiyasının İnquşetiya Respublikasında fəaliyyət göstərən "Azərbaycan Milli-Mədəni Muxtariyyəti" regional ictimai birliyinin təşkilatçılığı ilə Maqas şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə birliyin sədri Rəhmətulla Babayev, birliyin qadınlar şurasının sədri Aybəniz Hüseynəliyeva, Dağıstan Respublikasındakı "Azərbaycan Milli-Mədəni Muxtariyyəti" regional ictimai birliyinin sədri Rakif Əzizov çıxış ediblər. Onlar xalqımızı və xaricdə yaşayan azərbaycanlıları qədim Novruz bayramı münasibətilə təbrik ediblər. Qeyd edilib ki, ötən il Qarabağda qazandığımız parlaq qələbə builki bayrama fərqli rəng qatıb, soydaşlarımızın əhval-ruhiyyəsini daha da yüksəldib.

Tədbir zamanı Rəhmətulla Babayev və Aybəniz Hüseynəliyeva yerli televiziyaya müsahibələr verərək xalqımızın bayramla bağlı adət-ənənələrindən danışıblar.