ABŞ-ın Hyuston şəhərində Novruz şənliyi keçirilib

26.03.2021

Hyuston Azərbaycan Məktəbinin və Azərbaycan–Amerika Mədəniyyət Alyansının birgə təşkilatçılığı ilə Hyuston şəhərində xalqımızın qədim Novruz bayramı qeyd edilib.
Azərbaycanlı ailələrin qatıldıqları bayram şənliyində bildirilib ki, tarixi vətənlərindən uzaqda milli adət-ənənələrimizi qoruyub saxlamaq və təbliğ etmək ikiqat əhəmiyyətə malikdir. Novruz bayramının baharın gəlişindən, təbiətin oyanmasından xəbər verdiyi, martın 20-də xalqımızın və xaricdə yaşayan azərbaycanlıların öz Yeni ilini – Novruz bayramını qeyd etdiyi nəzərə çatdırılıb. Bildirilib ki, bayramın gəlişi münasibətilə səməni yetişdirilir, yumurta boyanır, şirniyyat hazırlanır, tonqal qalanır, küsülülər barışır, insanlar bir araya gəlir və əyləncəli oyunlar keçirilir.
Sonra uşaqların yaxından iştirakı ilə bayram tonqalı yandırılıb, soydaşlarımız tonqal ətrafında yallı gediblər, tonqalın üzərindən tullanaraq yeni ilin xalqımıza uğurlar gətirməsini arzulayıblar. Tədbir zamanı uşaqlar üçün maraqlı və əyləncəli oyunlar təşkil edilib.